Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət
|

Siyəzən

     Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Rayon ərazisində 4 dəmir yolu stansiyası fəaliyyət göstərir. Bunlar Qızıl-Burun, Zarat, Siyəzən, Gil-gilçay dəmir yolu stansiyalarıdır.

      Rayonda 1 Heydər Əliyev mərkəzi, 1 uşaq incəsənət məktəbi, 13 kitabxana, 8 mədəniyyə evi və klub fəaliyyət göstərir.

Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddidir.

Gildilçay səddi

İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzərə töküldüyü yerdən başlayan səddin divarları Babadağı zirvəsinə doğru 60 km-cən uzanır. Gilgilçay ətrafında V əsrin sonu VI əsrin əvvəllərində tikilmiş bir-birindən 220 m aralı iki divardan ibarət gil sədlər mövcuddur. I Qubad (488-531) onlan Xəzər dənizi ilə Qafqaz dağlarının qollan arasındakı keçiddə, Beşbarmaq dağının başında tikdirmişdi. Həmin istehkamlar Barmaq divan adlanırdı. Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Səddə ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən bişmış və çiy kərpicdən hörülüb.

Beşbarmaq dağı - Beşbarmaq dağı və ya Baş Bərmək dağı — karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də əzəmətlə ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib.

Beşbarmaq Georq Qoqenfin rəsm əsərində (1850)

Beşbarmaq səddi - Xəzərsahili keçidini bağlayan üçüncü səddir. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş Beşbarmaq səddi Gilgilçay səddi və Dərbənd səddi ilə birlikdə - dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.

Beşbarmaq dağı

Çıraqqala - Siyəzən rayonunun ərazisində, Baki şəhərindən 150 km aralı Çaraqqaya adlanan sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə qərar tutub. Neçə yüz ildir zamanın tufanlarına, dövrün qasırğalarına mətanətlə sinə gərərək ulularımızın şanlı tarixini bu günümüzə qədər yaşatmaqdadır. Alimlərin dediyinə görə, Çıraqqala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq mümkündür. Düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış.

Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılmış, "Çıraqqala" isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.

Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. 1952-ci ilə qədər bürclərin bir hissəsi,narınqala və baş bürc salamat idi. Qala altı deyilən yerdə naftusiya suyunun kəşfi və burada sanotoriyanın tikilməsi, qalanın isə mühavizə olunmaması onun sürətlə dağılmasına təkan oldu. Azərbaycan prezidenti Heydər Əliyevin 23 iyun 2003- cü il tarixli sərəncamı ilə Çıraqqala tarixi abidə kompleksi - qoruq elan edilmiş və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilmişdir.

Dünya əhəmiyyətli abidələr:
Beşbarmaq paralel müdafiə səddi (IV-VII əsrlər) — Bu istehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Səddin bir hissəsi qalıb. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd bir-birindən 200 m. aralı iki divardan ibarət idi.
Gil-gilçay müdafiə istehkamlar kompleksi (V əsr) — Abidə Siyəzən rayonunun Yenikənd, Kolanı, Eynibulaq, Daşlı Calğan, Qala-altı kəndlərindən keçərək Çıraq qala ilə birləşir.

Çıraqqala - Siyəzən

Ölkə və yerli əhəmiyyətli abidələr:
Pir Xəlil türbəsi (XVIII əsr) — Gil-Gilçay qəsəbəsində yerləşir. Hazırki dövrə qədər salamat qalmışdır.
Qala qalıqları – Dindar qalası (orta əsrlər) — Sədan kəndindən təxminən 3 km qərbdə dağın zirvəsində yerləşir. Bu qalanın bürclərindən birinin yalnız qalıqları qalmışdır.
Şeyx Heydər türbəsi (XV əsr) — qədim Şıxlar kəndinin qalıqlarından qərbdə kənd qəbiristanlığının içərisindədir. Türbə uçulub dağılmışdır.
Karvansaray qalıqları (XV-XVII əsrlər) — Bakı-Dəvəçi şosse yolunun 87 km. sağ tərəfində yerləşir.
Şəhərgah (orta əsrlər) — Siyəzən şəhərinin şimal hissəsində yerləşir.
Su ovdanı (1906) — Zarat kəndinin yaxınlığında yerləşir.
Daş mağara — Dib kəndində yerləşir.
Dəmiryol vağzalı (1898) — Gil-Gilçay stansiyası.
Dəmiryol vağzalı (1913) — Zarat stansiyası.
Su kəməri (1906) — Siyəzən şəhərinin yaxınlığında yerləşir.
Dəmiryol vağzalı (1913) — Qızılburun stansiyası.
Su anbarı (1913) — Qızılburun stansiyasının yaxınlığında yerləşir.

Xatirə abidələri:
Cəfər Cabbarlının heykəli.
Mikayıl Müşviqin heykəli.
"1941-1945" abidə kompleksi.
"20 Yanvar" abidə kompleksi.
"Neftçi şəhidlər" abidə kompleksi.