Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix
|

Siyəzən

Yaşadıgımız bölgənin ərazisində vaxtilə Ağ Siyəzən və Qara Siyəzən adında kəndlər mövcud olubdur. Siyəzən sözünün yozumu ilə bağlı ehtimallardan birində deyilir ki, Siyəzən tat dilində "siyahzən", yəni "qaravuran", "ovçu" deməkdir.
Bu məskən saldığımız şəhərin əvvəlki adı Qızılburun olubdur. Deyilənlərə görə bu torpaq vaxtilə ilan mələyən çöllərdən ibarətmiş. Bakı- Şollar Su Kəməri çəkiləndə işçi qüvvəsi kimi ətraf kəndlərdən bura adamlar köç edirlər. Bu hadisə 1911-16-cı illər arasında baş vermişdir. Qızılburunun yaşayış mərkəzinə çevrilməsində "Qızılburun" dəmiryolu stansiyasının böyük rolu olmuşdur. Beləliklə zaman ötdükcə, illər bir-birini əvəzlədikcə stansiyada işləyənlər də, su kəmərinin tikintisində çalışanlar da Qızılburunda daimi sakinlərə çevrildilər.
1938 - 1939-cu illərdə indiki Siyəzən rayonunun ərazisində geoloqlar zəngin neft yataqlarının olmasını aşkar etdilər. Ərazidə ilk buruqlar qazıldı. Zəngin neft yataqlarının kəşfi bu yerlərin perspektivliyini artırdı. "Qara qızıl"ın sorağı ilə təkcə ətraf kəndlərdən deyil, qonşu Xızı, Dəvəçi rayonlarından, zaman - zaman Azərbaycanın ən ucqar bölgələrindən buraya işləməyə gələnlərin hesabına Siyəzən şəhəri sürətlə böyüyür, simasını dəyişirdi. Siyəzən rayonu ilk dəfə 1940-cı ilin fevral ayının 11-də təşkil edilmişdir. Rayonun ilk rəhbəri Hənifə Hüseynov adlı şəxs olmuşdur. Neftə görə Siyəzən şəhərinə köç edənlər arasında müxtəlif millətlərin nümayəndələri də olmuşdur . Gələnlər içərisində ruslar sayca çoxluq təşkil etmişlər. Keçən əsrin 60 - cı illərinə qədər ruslar burada kompakt halda yaşamışlar. Lakin 1959 - cu ilin dekabr ayının 4 - də Siyəzən rayonu ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. Bütün bunlara baxmayaraq əhali getdikcə artırdı, xüsusi evlərin və neftçilər üçün tikilən beşmərtəbəli yaşayış binalarının sayı çoxalırdı. Siyəzən Broyler Quşçuluq Fabrikinin açılması da şəhərin böyüməsində az rol oynamırdı. Nəhayət 1992-ci il aprel ayının 2 - də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olundu.